Yəmənin Ənsarullah Hərəkatının lideri Əbdülməlik Əl-Husi İranı İsrail üzərində qazandığı böyük qələbə münasibətilə təbrik edib. Əl-Husi İranın raketlərinin İsrail tərəfindən vurula bilmədiyini və İsrailin böyük itkilər verdiyini bildirib.
Az.rasthaber.com xəbər verir ki, Əl-Husi deyib: "İranın bu böyük qələbəsi münasibətilə İslam ümmətini və bütün müsəlmanları təbrik edirik. Bu qələbə bütün İslam dünyası üçün mühüm nailiyyətdir".
Ənsarullah lideri bəyan edib ki, İsrail və onun havadarları, xüsusilə ABŞ, İngiltərə, Almaniya və Fransanın məğlubiyyəti İslam ümməti üçün böyük qələbədir.
İslam ümmətinin illərdir böhranlarla mübarizə apardığını və düşmənlərə qarşı hazırlıqlı olduğunu bildirən Əl-Husi, müsəlmanların İslam təqviminə kifayət qədər əhəmiyyət verməməsindən və bu mövzuda laqeyd qalmalarından kədərləndiyini bildirib.
Əl-Husi vurğulayıb ki, Allaha təvəkkül etmək və Ona sığınmaq ümmətin bütün çətinliklərə qalib gəlməsinə imkan verəcək.
O bildirib ki, İsrailin İrana hücuma hazırlığı bir ildən çox davam edib, lakin İsrail İranın müdafiə sistemləri və raketləri sayəsində çarəsiz qalıb.
Lider Pakistan və Türkiyənin İsrailin hücumuna qarşı mövqeyini yüksək qiymətləndirərək, Türkiyənin mövqeyini aydın və şüurlu adlandırıb.
Əl-Husi İsrailin hərbi baxımdan tamamilə uğursuz olduğunu və İranın raketlərinin İsrail xalqını qorxu və panikaya saldığını, sionistlərin isə sığınacaqlara qaçdığını bildirib.
Qəzzada Fələstin xalqının bombardman edildiyini və İsrailin böyük məğlubiyyətə uğradığını bildirən Əl-Husi İranın bu qələbəsinin bütün müsəlmanlar, ərəblər və Fələstin məsələsi üçün böyük qazanc olduğunu bildirib.
İrana qarşı hücumların əsl məqsədinin Yaxın Şərqi dəyişmək olduğunu qeyd edən Əl-Husi bu hücumların regionun digər ölkələrinə də yayıla biləcəyini əlavə edib.
Lider ABŞ-ın dəstəklədiyi İsrailin Qəzzada yardım mərkəzlərini ölüm tələsinə çevirdiyini və bunun nəticəsində çoxlu fələstinlinin həyatını itirdiyini qeyd edib.
Əl-Husi Yəməndən İsrail hədəflərinə hücumların onlarla ballistik, hipersəs raketləri və pilotsuz təyyarələrlə də davam etdiyini bildirib.
Ənsarullah lideri xalqı Fələstinə dəstək üçün kütləvi yürüşlərdə iştirak etməyə çağırıb və milyonlarla insanın bu dəstək nümayişinə qatılacağına ümid etdiyini bildirib.