Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasını açaraq mühüm mesajlar verdi.
Rasthaber Azərbaycan-ın xəbərinə görə, Ərdoğan bildirib ki, "kəskin və kritik bir dövrdə" keçirilən bu toplantının təsirləri bütün dünyada hiss olunacaq:
Ərdoğanın çıxışından əsas məqamlar belədir:
"Son dərəcə kritik bir dövrdə keçirilən bu toplantının təsirlərini, inşallah, bütün dünya hiss edəcəkdir. İsrail ordusu tərəfindən Qəzzədə şəhid edilən 55 mindən çox qardaşımızı rəhmətlə yad edirəm. Türkiyə olaraq fələstinli qardaşlarımızın ağrısını öz ağrımız, kədərini öz kədərimiz bilirik."
“Qələbə mütləq iman edənlərin olacaq”
“Ədalət yerini tapacaq, qələbə mütləq iman edənlərin olacaqdır. Sülhdən danışacağımız gözəl günləri görəcəyimizə ürəkdən inanıram. Qərb güclərinin qeyd-şərtsiz dəstəyini arxasına alan İsrail bölgəmizi qeyri-sabitliyə sürükləməyə davam edir.”
“İrana edilən hücum quldurluqdur”
“Netanyahu hökuməti bölgədə sülhə qarşı ən böyük maneə olduğunu sübut edib. İsrailin İrana etdiyi hücumları ən sərt şəkildə pisləyirəm. İsrailin Qəzzə, Livan, Yəmən, Suriya və son olaraq İrana qarşı həyata keçirdiyi hücumların adı quldurluqdur. Bu hücumların İranın nüvə proqramı ilə bağlı danışıqların intensivləşdiyi bir dövrdə baş verməsi, əlbəttə ki, mənalıdır.”
“Çətinliklər qarşısında göstərdiyi həmrəylik və güclü dövlət təcrübəsi ilə İran xalqının bu günləri də uğurla geridə qoyacağına heç bir şübhəmiz yoxdur. İsrailin dövlət terroruna qarşı İranın öz xalqını müdafiə etmək məqsədilə gördüyü tədbirlər tamamilə təbii və qanunidir.”
“90 il əvvəl Hitlerin yandırdığı qığılcım necə ki, dünyanı odlara saldısa, Netanyahu-nun sionist məqsədləri də dünyanı fəlakətə sürükləməkdən başqa bir məqsəd daşımır.”
“Netanyahunun zəhərli sözlərinə heç kim inanmasın”
“Netanyahunun qarşıdurmaları daha da dərinləşdirmək məqsədilə söylədiyi zəhərli sözlərinə heç kim inanmasın. Bölgəmiz yeni bir savaşı qaldıracaq gücdə deyil. Bu günlərdə ehtiyacımız olan yalnız və yalnız sağlam düşüncədir.”
“Müsəlmanların taleyi ortaqdır”
“Yol və metodlarımız fərqli ola bilər, lakin qardaş demək, həm də taleyin ortaq olması deməkdir. Müsəlmanların taleyi ortaqdır.”