Ayətullah Xamenei görüş zamanı deyib ki, davamlı nəzarət ölkənin məqsədlərinin gerçəkləşdirilməsi yolunda itirilmiş halqadır. İlin şüarının gerçəkləşdirilməsi üçün çalışmaq üç qüvvənin ortaq gündəliyi olmalıdır.
O, habelə Oman danışıqlarının nəticələrinə ifrat nikbinlik və ya ifrat bədbinlik göstərməkdən çəkinməyi də tövsiyə edərək vurğuladı: “Ölkənin bütün sahələr üzrə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsi istiqamətindəki fəaliyyətlərinin tempi daha yüksək sürətlə davam etdiriməlidir və heç bir işin taleyi danışıqların nəticəsinə bağlanmamalıdır”.
Ayətullah Xamenei bu görüşdə davamlı icra nəzarətinin qərar qəbul etməkdən daha vacib olduğunu vurğulayaraq əlavə etdi: “Ölkədə yaxşı qanunlar, qaydalar və lazımi layihələr mövcuddur, amma nəzarət yetərsizliyi məqsədlərin qənaətbəxş şəkildə gerçəkləşməsinə mane olur”.
O, yüksək benzin sərfiyyatı, təhsil ədalətinin yetərli şəkildə həyata keçməməsi və zəif təbəqələrin problemləri kimi məsələlərin davamlı icra nəzarəti vasitəsilə həll oluna biləcəyini dedi: “Üç qüvvənin başçıları və qurumların məsul şəxslərinin istəyi, həvəsi və motivasiyası yaxşı olsa da, yetərli deyil. Lazımi nəzarətlərin olmaması səbəbindən rəhbərlərin qərarları və israrları idarəetmə mərhələlərində zəifləyir və ayrı-ayrı hallarda həyata keçmir”.
İnqilab Rəhbəri enerji daşıyıcılarının istehlakında qənaətin əsaslı bir zərurət olduğunu vurğuladı: “Ən böyük enerji istehlakçısı olan dövlət qurumları özlərini xalqdan əvvəl qənaətə öyrəşdirməlidirlər. Bu iş də davamlı nəzarət tələb edir”.
O qeyd etdi ki, bu ilin şüarının reallaşdırılmasına kömək üç qüvvənin və bütün qurumların cari ildəki gündəliyində olmalıdır: “İstehsala investisiya yatırımı etməklə ölkə bir çox problemlərdən xilas ola bilər. Bu səbəbdən İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank və digər aidiyyəti qurumlar cəmiyyətdəki mövcud sərmayələri və likvidliyi istehsal sahəsinə investisiyaya yönəltməlidirlər”.
Ayətullah Xamenei istehsal sahəsinə sərmayə qoyuluşunun qürurverici bir iş olduğunu bildirdi:
“İnvestisiya təhlükəsizliyi də təmin olunmalı və istehsal sahəsində fəaliyyət göstərən fəalların qarşısındakı maneələr aradan qaldırılmalıdır”.
O, üç qüvvənin, xüsusilə hökumətin səylərinin ilin şüarının gerçəkləşməsinə zəmin yaratdığını dedi: “Əgər daxili sərmayə yatırımında canlanma baş versə, xarici investorlar da İranda fəaliyyət göstərməyə maraq göstərərlər”.
İnqilabın Rəhbəri bildirdi ki, istehsala sərmayə yatırımı sanksiyalarla mübarizənin ən yaxşı yoludur: “Sanksiyaların ləğvi bizim əlimizdə deyil, amma onları zərərsizləşdirmək bizim ixtiyarımızdadır. Bunun üçün çoxsaylı yollar və daxili imkanlar mövcuddur. Əgər bu məqsəd gerçəkləşsə, ölkə sanksiyalar qarşısında xəsarət almayacaq”.