Ayətullah Xamenei YAZARLAR
Ayətullah Xamenei

Allahın köməkliyi ilə meydana əlidolu daxil olacağıq

Ayətullah Xamenei məhkəmə sisteminin rəhbəri, yüksək vəzifəli şəxsləri və ölkənin bütün bölgələrinin məhkəmə sədrləri ilə görüşüb

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər saatlarında məhkəmə sisteminin rəhbəri, yüksək vəzifəli şəxsləri və ölkənin bütün bölgələrinin məhkəmə sədrləri ilə görüşdə İran xalqının sonuncu məcburi müharibədə imza atdığı böyük işi və təcavüzkarların hesablarının alt-üst olması məsələsini təhlil edərkən xalqın fərqli siyasi baxışlara və dini mövqelərə baxmayaraq, əziz İranı müdafiəsi istiqamətində sərgilədiyi böyük vəhdət və birliyə işarə edərək dedi: “Bu milli vəhdəti qorumaq hər kəsin vəzifəsidir”.

Ayətullah Xamenei dedi: “Xalqın 12 günlük müharibədəki böyük işi milli iradə, qətiyyət və özgüvən olmuşdur. Belə ki, ABŞ kimi gücə və onun zəncirli iti olan sionist rejimə qarşı mübarizə ruhiyyəsi və hazırlığı özü-özlüyündə çox qiymətlidir”.

O, pəhləvi rejiminin məmurlarının nəşr edilmiş xatirələrinə işarə edərək onların hətta gizli və xüsusi toplantılarda belə Amerikaya etiraz etməyə cürət etmədiklərini dedi: “İran o dövrlərdən bu günə qədər elə bir səviyyəyə çatıb ki, artıq nəinki Amerikadan qorxmur, üstəlik, onu qorxuya salır. Bu milli ruhiyyə və iradə İranı başıuca edən, böyük arzularına çatdıran əsas amildir”.

İnqilabın Rəhbəri vurğuladı ki, həm dostlar, həm də düşmənlər İran xalqının heç bir sahədə zəif tərəf kimi çıxış etməyəcəyini bilməlidirlər. O əlavə etdi: “Biz məntiq və hərbi güc kimi bütün zəruri vasitələrə malikik. Buna görə də istər diplomatik meydan olsun, istərsə də hərbi, Allahın köməkliyi ilə meydana əlidolu daxil olacağıq”.

 Ayətullah Xamenei vurğuladı: “Sionist rejimi xərçəng, ABŞ-ni isə ona dəstək verdiyi üçün cinayətkar hesab etməyimizə baxmayaraq, ilk addım atan, müharibəni başladan biz olmadıq. Ancaq düşmən nə zaman hücum etdisə, cavabımız sarsıdıcı və möhkəm oldu”.

O qeyd etdi ki, İranın sionist rejimə güclü və möhkəm cavab verməsinin ən bariz sübutu onun ABŞ-dən kömək istəmək məcburiyyətində qalmasıdır: “Əgər sionist rejim əyilib yerə yapışmasaydı, özünü müdafiə etmək iqtidarında olsaydı, bu şəkildə ABŞ-dən kömək diləməzdi. Anladı ki, İslam Respublikasının qarşısında duruş gətirə bilməz”.

İnqilabın Rəhbəri bildirdi ki, ABŞ-nin hücumuna cavab olaraq İranın endirdiyi zərbə çox həssas bir zərbə idi: “İranın hücum etdiyi obyekt ABŞ-nin bölgədəki həddən artıq əhəmiyyətli bir mərkəzi idi. İnformasiya senzuraları aradan qalxanda İranın nə qədər böyük bir zərbə vurduğu bəlli olacaq. Əlbəttə ki, ABŞ və başqalarına bundan da böyük bir zərbə vurmaq olar”.

Ayətullah Xamenei son müharibədə milli iradənin təzahür etməsinin düşmənin planının reallaşmasına mane olan çox mühüm bir hadisə olduğunu dedi: “Təcavüzkarların hesablaması və planı belə idi: İranın bəzi mühüm şəxsiyyətlərinə və mərkəzlərinə hücum etməklə dövlət zəifləyəcək, sonra da özlərinin münafiqlər və şahlıq tərəfdarlarından tutmuş təxribatçı və mafia dəstələrinə qədər yatmış muzdlu mərkəzlərini hərəkətə gətirəcək, xalqı təhrik edərək küçələrə çıxarmaqla dövlətin işini bitirə biləcəklər”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Əməldə düşmənin planının tam əksi baş verdi və məlum oldu ki, bəzi şəxslərin siyasi və digər sahələrdəki hesablamalarının da çoxu düzgün deyil”.

O, təcavüzkar düşmənin gizli siması, planları və məqsədlərinin üzə çıxmasına işarə edərək dedi: “Allah onların planlarını puça çıxararaq xalqı hökumətə və dövlətə dəstək vermək üçün səhnəyə gətirdi. Xalq da düşmənin düşündüyünün əksinə olaraq, canı və malı ilə dövlətə dəstək və yardım göstərdi”.

İnqilab Rəhbəri qeyd etdi ki, dini çəkiləri tamamilə fərqli, siyasi baxışları müxtəlif, hətta ziddiyyətli olan şəxslərin çiyin-çiyinə dayanıb eyni sözü danışması böyük milli birliyin yaranmasına səbəb oldu. O bu böyük birliyin qorunmasının zəruriliyini vurğulayaraq dedi: “Milli birliyin qorunması və müdafiəsi jurnalist, hakim, dövlət məmuru, ruhani və imam-cümə olmasından asılı olmyaraq hər kəsin vəzifəsidir”.

Xəbəri paylaş

Yazarın bütün yazıları