Ayətullah Xamenei YAZARLAR
Ayətullah Xamenei

Küfr və nifaqın hökmranlığı əbədi deyil

Ayətullah Xameneinin İmam Cəfər Sadiqin (ə) şəhadətinin ildönümündə keçirilən əzadarlıq məclisində dediyi fikirlər

İmam Sadiq (ə) dövründə, Allahın dəyişməz hökmü (qəza-i məhtum) deyil, Onun təqdirində Əhli-Beyt (ə) üçün mühüm bir dönüş baş verməli idi. Bu məsələ, bir çox rəvayətlərdə açıq şəkildə ifadə olunmuşdur. İmam Sadiqdən (ə) belə bir rəvayət nəql olunur:
"Həqiqətən, Allah bu işi – yəni əsl imaməti – hicrətin 70-ci ili üçün təqdir etmişdi."

İmam Həsən Müctəba (ə) Müaviyə ilə sülh bağladıqda, bəzi insanlar bu qərara etiraz edirdilər. İmam Həsən (ə) onlara belə cavab verirdi:
"Siz bilmirsiniz, bəlkə də bu sizin üçün bir imtahandır və müəyyən müddətlik bir rahatlıqdır."
Bu sözlərdən belə başa düşülür ki, küfr və nifaqın hökmranlığı əbədi deyil, müvəqqəti idi və ilahi təqdirə görə bu hökmranlıq hicrətin 70-ci ilinə qədər davam etməli idi. Həmin tarixdə isə Əhli-Beyt (ə) imamlarından sağ qalanlar qiyam etməli, hakimiyyəti ələ almalı və əsl imamət həyata keçməli idi.

Lakin İmam Sadiq (ə) buyurur:
"İmam Hüseyn (ə) şəhid edildikdən sonra Allahın yer üzünə qəzəbi daha da artdı və bu ilahi təqdir hicrətin 140-cı ilinə qədər təxirə salındı."
Bu tarix İmam Sadiqin (ə) dövrünə təsadüf edir. O Həzrət hicrətin 148-ci ilində vəfat etmişdir. Bu məlumat xüsusi şiə çevrələrinə məlum idi. Məsələn, yaxın səhabələrindən biri olan Zürare belə demişdir:
"Mən o minbərlərdə yalnız Cəfəri görürəm."
Bu, imamətin minbəri, xəlifəlik taxtı mənasında işlədilmişdir.

Başqa bir rəvayətdə Zürarə – Kufədə yaşayan yaxın səhabələrdən biri – İmam Sadiqə (ə) belə bir müraciət edir:
Şiələrdən birisi borca düşüb, kreditorlar onun arxasınca düşüblər. Pul tapa bilmədiyi üçün şəhəri tərk edib. Zürarə İmama (ə) deyir ki, əgər bu “iş” – yəni imamətin qiyam yolu ilə bərqərar olması – yaxın bir neçə ildə baş tutacaqsa, qoy bu şəxs bir qədər səbir etsin. Amma əgər bu proses uzanacaqsa, dostlar aralarında pul yığıb onun borcunu ödəsinlər. Bu, onu göstərir ki, Zürarə də bu hadisənin yaxın gələcəkdə baş verəcəyini gözləyirmiş.

İnsanlar İmam Sadiqin (ə) yanına gəlib tez-tez belə suallar verirdilər:
"Niyə qiyam etmirsiniz, nə üçün durub ayağa qalxmırsınız?"
Bu suallar onu göstərir ki, insanlar belə bir dəyişiklik üçün müəyyən bir işarə eşitmişdilər.

Həmin rəvayətin davamında isə İmam (ə) buyurur:
"Siz bu sirri ifşa etdiniz, buna görə də Allah onu təxirə saldı."
Əgər şiələr bu məsələdə səbirli və ağıllı davransaydılar, bəlkə də həmin vaxtda bu dönüş baş verəcəkdi. Amma bu sirləri yaymaq, dəstəkləməmək, əsassız narazılıqlar və təhlilsiz hərəkətlər tarixə təsir göstərdi və ilahi planların dəyişməsinə səbəb oldu. Bu, bizə göstərir ki, əməllərimiz təkcə fərdi deyil, bəzən tarixi miqyasda nəticələr doğura bilər. Ona görə də biz çox diqqətli olmalı, məsuliyyətli davranmalıyıq.

Əlbəttə, İmam Sadiqin (ə) həyatı çox möhtəşəm və bərəkətli bir həyatdır. O, ilahi hökmlərin yayılması və dini maarifin ötürülməsi baxımından çox uğurlu bir ömür sürmüşdür. Dörd min şagird məsələsi – bəzi adamlar elə təsəvvür edirlər ki, bu qədər insan hər dərsdə oturub dinləyirmiş – əslində belə deyil. Bu say, İmamdan (ə) rəvayət edənlərin ümumi sayıdır; bu, müxtəlif dövrlərdə baş vermişdir.

Biz isə əfsus ki, İmamların həyatından uzaq düşmüşük; onların sözlərindən, rəvayətlərindən və həyat tərzindən çox az məlumatımız var.

Bəzi mənbələrdə nəql olunur ki, İmam Sadiqi (ə) Mansur (Abbasi xəlifəsi) yanına çağırıb ona qəzəblənmiş, İmam da ona "Ey əmioğlu, böyük insanlar, peyğəmbərlər də zülmə məruz qaldılar, onlar bağışladılar, sən də bizi bağışla" demişdir. Mən tam əminliklə deyirəm ki, bu sözlər uydurmadır. İmam heç vaxt belə danışmaz – nə ölüm qorxusu qarşısında, nə də başqa hallarda. Bu sözlər Rəbi adlı bir nəfər tərəfindən nəql olunub. Rəbi isə Mansurun sarayında çalışan, onun işlərini görən biri idi. Belə şəxslərin nəql etdiyi rəvayətlər məqsədli şəkildə şiə ruhiyyəsini sarsıtmaq üçün istifadə olunurdu. Bu cür uydurma rəvayətləri yaymaqdan çəkinmək lazımdır.

Əhli-Beyt (ə) həmişə dirəniş, mövqe və məntiq dərsi vermişlər. Onların yolu məntiq və əsaslı cavablarla haqqı bəyan etməkdir.

Zeynəb (s.ə) xanımın İbn Ziyadın və Yezidin sarayında necə danışdığına baxın – bu, doğrudan da Əhli-Beyt məktəbinin doğru xəttidir. Kim bu yolda dayanırsa, əslində həmin imamların yolunu davam etdirir. Bu gün Qəzzə və Livanda düşmən qarşısında dayananlar da, əslində, həmin hidayət imamlarının yolunda irəliləyirlər.

Xəbəri paylaş

Yazarın bütün yazıları